Əzim Əzimzadə (1880-1943)
Əzim Əzimzadə azərbaycanlı rəssam-qrafik, Azərbaycan karikatura sənətinin banisidir. Çox maraqlıdır ki, bu böyük sənətkarın heç rəssamlıq təhsili də olmayıb. Əzim Əzimzadə bu sənəti özü öyrənib. Əzim Əzimzadənin yaradıcılıq irsi dəzgah vərəqələri, kitab illüstrasiyaları, satirik jurnal və qəzet rəsmləri, geyim və dekorasiya eskizləri, o cümlədən siyasi karikaturalardan ibarətdir. Rəssamın yaradıcılığının əsas hissəsini plakatlar təşkil edir.
Onun plakatlarının həyatdan götürülən canlı və konkret obraz təsvir olunur. Bununla belə, Əzim Əzimzadənin yaradıcılıq irsində karikaturalar xüsusi yer tutur. Azərbaycanda bu janrın formalaşması “Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. Ə.Əzimzadə həmin jurnalının baş rəssamı idi. O, gülüş hədəfi seçdiyi obrazların mimika və hərəkətlərini çox dəqiq və ustalıqla təsvir edirdi.
Xalq şairi M.Ə.Sabirin “Hophopnamə” əsərinə 56 rəngli litoqrafiya çəkmişdi. O. Cəlil Məmmədquluzadənin və Əbdürrəhim bəy Haqverdiyevin əsərləri, o cümlədən xalq nağılları üçün də eyni üslubda rəsmlər silsiləsi yaratmışdır.
Ə.Əzimzadənin məişət mövzusunda çəkilmiş “Kos-kosa”, “Tonqaldan atlanırlar”, “Mirasın bölüşdürülməsi”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” akvarelləri həmin dövrün adət-ənənələrini əks etdirir.
Siyasi karikatura janrında da bir çox nümunələr yaradıb. Onun faşizmi ifşa edən “Şir və pişik balası”, “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Vurulmuş kartlar” və digər karikaturaları bu qəbildəndir.
No comments:
Post a Comment