Saturday, September 16, 2017

Aşıq sənəti

Aşıq sənəti haqqında

Aşıq sənəti X-XII əsrlərdə formalaşmağa başlamışdır.  Aşıq sənəti kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir.
Aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Onu çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı-simli musiqi alətidir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Üzeyir Hacıbəyli “Koroğlu” operasında istifadə etmişdir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət  tapmışdır.
Azərbaycanın peşəkar aşıqları iki qismə bölünür: ifaçı aşıqlar və şair aşıqlar. İfaçı aşıqlar poetik yaradıcılıqla məşğul olmurlar. Şair aşıqlar dastançı fəaliyyəti ilə yanaşı fərdi poetik yaradıcılıqla da məşğul olurlar.  Azərbaycanın  ədəbiyyatına güclü təsir göstərmiş aşıqlardan Qurbanini (XVI əsr), Aşıq Abbas Tufarqanlını (XVII əsr), Aşıq Valehi (XVIII əsr), Aşıq Ələsgəri (1826-1926), Aşıq Hüseyn Bozalqanlını göstərmək olar. Peşəkar aşıqlar arasında tanınmış qadın aşıqlar da vardır: Aşıq Pəri (XIX əsr), Aşıq Həmayıl (XIX əsr), Aşıq Bəsti, Aşıq Dilşad (ХХ əsr) və başqaları. Aşıq Bəsti xüsusilə məşhur olmuşdur. Onun çoxlu şagirdləri və ardıcılı olmuşdur. Qədimdə aşıqlar tək-tək və ya sazandalarla birlikdə səfərə çıxır, şəhər və kəndləri dolaşır, toylarda, el şənliklərində çıxış edirlər.

No comments:

Post a Comment

Qədim abidələr xəritəsi