Orta əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması
Orta əsrlərdə IX-XI əsrlərdə Azərbaycan xilafət hakimiyyətindən azad olub müstəqil feodal dövlətləri - Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər, sonralar isə Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular meydana gəldi.1994-cü ildə nəşr olunmuş "Azərbaycan tarixi" kitabında (redaktorları akad. Z.Bünyadov və professor Y.Yusifov) bu feodal dövlətlər haqqında mənbələrə əsaslanaraq məlumat verilmişdir.
IX əsrdə Xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci illər) idi. Yeni sülalənin banisi hesab edilən Əbu Saç Divdad "adlı-sanlı türk sərkərdələrindən" olmaqa Xilafət ordularının döyüşlərində dəfələrlə sınaqdan çıxmış, Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babəkin tutulub Bərzəidə, Afşinin düşərkəsinə aparılmasında iştirak etmişdi.
Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri Məhəmməd və Yusif muxtəlif vaxtlarda Xilafətin əyalət hakimləri olmuş Abbasilər hakimiyyətinə qarşı baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişdilər.
Sacilərin banisinin Əbu Sac Divdad hesab edilməsinə baxmayaraq, dövlət onun ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə yaranmışdı. Xidmətləri ilə Xəlifənin rəğbətini qazandığına görə, 889-cu ildə Məhəmməd Azərbaycanın hakimi təyin olundu. Təbərinin yazdığına görə, o, "Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib, Xilafətə tabe olmaqdan boyun qaçırtdı". Lakin mənbələrdə qeyd edilir ki, Məhəmməd xəlifə ilə əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu.
Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini susdurdu və şəhəri ələ keçirdi. 893-cu ildən başlayaraq o, bir neçə dəfə Ərməniyəyə uğurlu yürüşlər təşkil etdi, Naxçıvandan keçərək Dvin hasarlarına qədər çatdı və erməni hakimi I Sumbatın ailə üzvlərini və yaxın qohumlarını əsir götürdü, onun özünü güzəştə getməyə məcbur etdi. Qələbədən sənra Məhəmməd öz oğlu Divdadı Ərməniyəyə hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub taladı. Bu qələbələr Məhəmmədin şöhrətini yüksəltdi. Qonşu dövlətlərin hakimləri ondan çəkinməyə başladılar.
Bacarıqlı sərkərdə olan Yusifin qibtə ediləcək dərəcədə çevikliklə rəqiblərini əzməsi, hakimiyyəti möhkəmləndirməsi, əvvəlki siyasi nüfuzunu bərpa etməsi, Azərbaycanın müstəqilliyinin reallaşdırması Bağdadda xəlifə sarayına rahatlıq vermirdi. Ona görə də xəlifə onu "idarə etdiyi Azərbaycan, Ərməniyə, Arran, Beyləqan və s. əyalətləri buraxıb, İkiçayarasından "təhlükəli bir səfərə", Xilafətə qarşı üsyan qaldırmış qərimətlərə qarşı müharibəyə göndərdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü.
Sacilər sulaləsinin hakimləri içərisində Yusif ən nüfuzlusu olmaqla 24 il bu dövləti idarə etmişdi. Sacilər dövləti istiqlaliyyət qazandı. Azərbaycan torpaqları mərkəzləşdirildi ki, bunun sayəsində də təsərrüfatın canlanmasına, şəhərlərin, sənətkarlığın, ticarətin və mədəniyyətin inkişafına xeyli zəmin yarandı. Onun maliyyə və vergi sahəsində obyektin siyasəti ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına təkan verdi.
Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etdilər.
Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Kilan vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı. Dövlətin təməlini qoyan Mərzuban ibn Məhəmməd çox uzaqgörən, ağıllı, mərd və cəsur şəxsiyyət, görkəmli dövlət xadimi olmuşdu. O, yuxarıda qeyd edildiyi kimi, 942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən hakimiyyət onun təmsil etdiyi Salarilər sülaləsnnin (942-981) əlinə keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi.
Salari hakimi Mərzuban ibn Məhəmməd çətin mubarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Xalq müqəddəs torpaq uğrunda mübarizəyə qalxdı. Görünməmiş qırğınlar və talanlar başlandı, gözəl binalar dağıldı, şəhər əvvəlki əzəmətini itirdi. Bundan istifadə edən Məsul hakimi Azərbaycanın cənubunda Səlmas şəhərinə basqın etdi. Salari hakimi Bərdənin müdafiəsini sərkərdələrindən birinə tapşırıb, özü Səlmasın harayına getdi. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində ölkənin cənub-qərb vilayətlərindən düşməni qovduqdan sonra, Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu kimi, Şirvanşah Məzyədilər dövləti Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.
Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin, Qəzvin və İsfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzubanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq, o, döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feodalara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzubanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdiyi hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi. Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrindən və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.
40 il yaşamış Salarilər dövləti təkcə Azərbaycan və Qafqazdakı feodal dövlətlərlə deyil, Ön Asiyadakı nüfuzlu dövlətlərlə də müqayisə olunmağa layiq idi. X əsrin II yarısında Azərbaycanda meydanagələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiyaçarlığı ilə, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi. Müəyyən dövrlərdə Şəki və Kaxetiya çarlığının bəzi əraziləri də onlardan asılı vəziyyətə düşmüşdü. Ərməniyənin xeyli hissəsi Şəddadilərin hakimiyyəti altında idi.
Bu dövlətin yaradıçısı hesab edilən Məhəmməd ibn Şəddad mənşəcə kürd idi. O, Dəbil ətrafında yaşamaqla siyasi fəaliyyətə X əsrin ortalarında başlamışdı. Əslində, Şəddadilər dövləti Salarilərin dövründə və onların ərazisində meydana gəlmişdi. Salari hakimi Mərzuban əsirlikdə qaldığı beş il (948-953) müddətində onun varisləri arasında hakimiyyətin qızışdığı şəraitdə dövlət xeyli zəiflədi. Ona tabeolan feodal əyanlar içərisində müstəqillik meylləri gücləndi. Belə feodallardan biri Məhəmməd ibn Şəddad idi. O, fürsətdən istifadə edərək, Dəbili tutdu və özünü mustəqil elan etdi. Lakin o, buradamöhkəmlənə bilmədi. Mərzuban əsirlikdən xilas olduqdan sonra hakimiyyətini bərpa etdiyi zaman Dəbil Şəddadın əlindən çıxdı. Onun ölümündən sonra, oğlanları Fəzl və Ləşkəri Gəncəyə gəldilər və 971-ci ildə Salari İbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ keçirdilər. Müharibədə Əbülhəsən Ləşkəriyə gücü çatmayan Salari hökmdarı İbrahim ibn Mərzuban onunla muqavilə bağladı və Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldu. 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başladı. Bu hadisə Ləşkərinin nüfuzunu artırdı o, az müddət ərzində Bərdəni, Şəmkiri, Ərməniyənin xeylihissəsini öz dövlətinə birləşdirdi, ölkədə əmin-amanlıq yaratdı. Səkkiz illik hakimiyyəti dövründə Şəddadilər dövləti möhkəmləndi və ərazisi genişləndi. Onun varisi Fəzlin dövründə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. Ağıllı diplomat olan Fəzl dövlət işlərini məharətlə idarə edirdi. Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, "Kürd Fəzlun 1030-cu ildə xəzərlər üzərinə hücum etdi. Onlardan çox adamqırdı, əsir tutdu və böyük miqdarda qənimət aldı".
Şəddadi Fəzl uğurlu xarici siyasətlə yanaşı, ölkənin daxili işləri ilə məşğul olmağı da unutmur, sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına qayğı göstərirdi. O, ticarət və hərbi məqsədlə Araz çayı üzərində körpu saldırdı. Gəncədə öz adına pul kəsdirdi. Onun Şirvanşah Manuçöhrlə (1027-1034) qohum olmasına baxmayaraq, Şəddadilərlə Şirvanşahlar arasındakı dostluq və qohumluq sabit deyildi. Şəddadilər tez-tez Şirvanşahlar, Rəvvadilər və gürcü hakimləri ilə müharibələr edirdilər.
Şəddadilərin görkəmli hakimlərindən olan Əbüləsvər Şavurun dövründə (1050-1067) dövlət daha da möhkəmləndi. Şavur iqtisadi, ictimai həyatda və xüsusilə, orduda bir sıra faydalı islahatlarkeçirərək, Gürcüstanla və Şirvanşahlarla müharibələri davam etdirdi. Alan tayfalarının, qonşu feodal dövlətlərin və xüsusilə, şöhrəti gündən-günə artmaqda olan səlcuq türklərinin basqınlarından qorunmaqüçün tədbirlər gördü. Gəncənin ətrafında xəndək qazdırıb, hasar çəkdirdi. Onun tapşırığı ilə Dəmirçi İbrahim 1063-cü ildə Gəncənin dəmir qapılarını düzəltdi. Həmin il Şirvana bir neçə yürüş təşkil edərək, onlardan 40 min dinar xəraç aldı. Lakin siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Şavur hakimiyyətinin sonunda səlcuqların vassallığını qəbul etməyə məcbur oldu.
Şəddadilər dövlətinin axırıncı əmiri olan III Fəzlun (1074-1088) vassalı olduğu səlcuq sultanlığına qarşı mübarizəni davam "etdirmək istəyirdi. Mənbələrin məlumatından aydın olur ki, Yaxın və OrtaŞərqdə, həmçinin, Zaqafqaziyada güclü dövlət yaradan Səlcuq türkləri Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də, Səlcuq sultanı Məlikşah öz sərkərdəsi Buğanı qoşunla Gəncəyə göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və III Fəzlunu əsir götürərək Bağdada göndərdi. O, 1091-ci ildə orada, əsirlikdə öldü. Beləliklə, 1088-ci ildə Şəddadilər dövlətinin tarixi sonaçatdı.
Orta əsr müəllifləri Rəvvadilər sülaləsinin tarixi və dövlətin yaradıcısı Əbülheyca Rəvvadinin şəxsiyyəti barədə dolaşıq fikirlər söyləmişlər. Əbulheycanın mənsub olduğu Rəvvadilər (mənşəcə ərəb idilər) sülaləsinin tarixi qədimdir. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. Rəvvadilərin mənşəcə Salarilərlə yaxınlığı olmamışdı.
X əsrin ortalarında və ikinci yarısında Əhər (Qaradağ) hakimi Əbülheyca Rəvvadi Salarilər dövlətinin hakimi Mərzubana, sonra isə onun varisi İbrahimə tabe olan və xərac verən nüfuzlu feodallardanidi. Əbulheyca yaranmış tarixi şəraitdən istifadə edərək, 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı, qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən yarandı. Vaxtilə Salarilər dövlətinin əlində olan Azərbaycan və Ərməniyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Dövlətin paytaxtı Ərdəbildən Azərbaycanın qədim və zəikin şəhəri Təbrizəköçurüldü. Bu zaman Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli tərəqqi etmişdi. Təbrizin təbii-çəğrafi mövqeyi paytaxt şəhəri uçun daha münasib idi. Rəvvadilər dövlətinin ərazisi əsasən indiki İran Azərbaycanı ərazisini əhatə edirdi. Əbülheyca hakimiyyəti ələ keçirib dövlətin daxili işlərini səhmana saldıqdan sonra 987-ci ildə Ərməniyəyə hücum edərək onu özünə tabe edib əhali üzərinə vergi qoydu və xərac aldı. O, Xəy və Urmu feodallarını da hakimiyyəti altına keçirtdi. Dövlətin ərazisi genişlənməklə yanaşı, onun nüfuzu da yüksəlirdi. Əbülheycanın varislərindən olan Əbu Mənsur Vəhsudan da (1020-1059) ölkə daxilində bir sıra tədbirlər həyata keçirdi. Mərkəzi hakimiyyəti xeyli güçləndirdi. Onun dövründə Şəddadilərlə düşmənçilik davam etdi. 1042-ci ilin oktyabrında Təbrizdə güclüzəlzələ baş verdi. Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən artıq adam tələf oldu, şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı qala hasarları uçulub-dağıldığından Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçdü. Şəhərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyn səlcuq türkləri Təbrizə hücum etdilər hücuma hazır olmayan Vəhsudan muqavimət göstərə bilmədi.
İbn əl Əsirin yazdığına görə, "səlcuq hakimi Toğrul bəy bir sıra qələbələrdən sonra, 1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu".
IX-XI əsrlərdə gərkin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq, bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs $g 2012.- 18 sentyabr.- S. 14.
http://www.anl.az/down/meqale/ses/2012/sentyabr/262521.htm
No comments:
Post a Comment