Sənətkarlıq


Xalçaçılıq - 

Azərbaycan xalçaları


Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.  Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar.
 
Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalçaçılıq sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. 
 
Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. 
 
XIII – XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. 
 
XVIII əsrin ikinci yarısında Azərbaycanın şimalı kiçik feodal dövlətlərə – Şəki, Bakı, Quba, Şamaxı, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan və digər xanlıqlara bölünmüşdü. Xanlıqlar dövründə xalça istehsalı daha da genişləndi.
 
Hazırda Azərbaycanda yeddi tanınmış xalça məktəbi məlumdur: Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ  Təbriz xalça məktəbləri. 
 
Azərbaycan xalçaları yalnız bölgələrə görə fərqlənmir. Hazırlanma üsullarına görə də seçilir. Daha ümumi şəkildə onları iki böyük qrupa ayırmaq olar: xovlu və xovsuz xalçalar. Xovsuz xalçaların onlarla növ vardır: palaz, kilim, cecim, sumax, şəddə, vərni… Xovsuz məmulatlar sırasına xalçalardan əlavə məfrəş və xurcunlar, çuval və çullar, heybə və örkənlər, kiçik çantaları əvəz edən xalça məmulatları, torbalar və digərləri də xovsuzlar qrupuna aid edilir. Xalçalardakı bu müxtəliflik insanların həyat tərzi ilə əhəmiyyətli dərəcədə bağlıdır.
 
Ən çox tanınmış miniatürçü rəssamlardan biri, Azərbaycan  naqqaşlıq məktəbinin banisi Sultan Məhəmməd olmuşdur. Həmin dövrün bəzi xalçalarının eskizlərinin Sultan Məhəmməd tərəfindən çəkildiyi ehtimal olunur. Bu eskizlərin Sultan Məhəmməd və yaxud şagirdləri tərəfindən hazırlanmasından asılı olmayaraq, onun Təbriz xalçaçılıq məktəbinə sənətinə əhəmiyyətli  təsiri danılmazdır.
 
Azərbaycan xalçalarına diqqətlə baxanda, qeyri-ixtiyari olaraq,  musiqi ilə, xüsusən, muğamın möcüzəli ornamentallığı ilə bağlılıq sezilir. Muğam və xalça – incəsənətin unikal formaları, xalqın yaradıcı təxəyyülünün bənzərsiz məhsullarıdır.
 
Elmdə “Şeyx Səfi” adı ilə tanınan xalça  bu günədək qorunub saxlanan Azərbaycan xalçalarının ən məşhuru və ən böyüyüdür. “Şeyx Səfi” xalçası Azərbaycan Səfəvilər sülaləsinin banisi şah İsmayıl Xətainin oğlu I Təhmasibin ideyası ilə 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün yaradılmışdır. Dünya mədəniyyətinə məxsus bu unikal əsərin müəllifləri azərbaycanlı sənətkarlarıdır. 1893-cü ildə “Şeyx Səfi” xalçası ingilislərin əlinə keçmişdir və hazırda Londondakı Viktoriya və Albert muzeyində “İslamic Art” (İslam incəsənəti”) zalında saxlanır.

Qarabağ xalçaçılıq məktəbi



Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ  bölgəsinin xalçaçılıq məktəbi dağlıq və aran zonalarında inkişaf etmişdir. X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Tuğ, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Bağırbəyli, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. 
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. 
Bu xalçalar Qarabağın dağlıq hissəsində Horadiz, Malıbəyli, Muradxanlı, Daşbulaq və bir çox başqa qəsəbələrdə istehsal olunurdu. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Füzuli, Ağdam və Bərdə xalça istehsalında əsas yer tutur. 
“Qarabağ xalçası”, “Aran xalçası”, “Bağçadagüllər xalçası”, “Balıq xalçası”, “Buynuz xalçası”, “Bərdə xalçası”, “Qoca xalçası”, “Qasımuşağı xalçası”, “Ləmbəran xalçası”, “Muğan xalçası”, “Malıbəyli xalçası”, “Xanqərvənd xalçası”, “Xanlıq xalçası”, “Xantirmə xalçası”, “Çələbi xalçası” və s. xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. 
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – “Bağçadagüllər xalçası”, “Saxsıdagüllər xalçası”, “Bulud xalçası” və s. çeşnilər toxunurdu. 
Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsas yer tuturdusa, sonralar ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Xalçalarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.
Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı xalq arasında “qırmız böcəyi”, “qurd qırmız”, “palıd cücüsü” deyilən həşəratdan alınırdı.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazırda erməni işğalı altında inləyən Qarabağımızın bütün milli sərvətlərini mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.

Təbriz xalçaçılıq məktəbi



Azərbaycan xalçaları arasında Təbriz məktəbinə məxsus olanlar kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Təbriz qrupuna daxil olan xalçaları daha çox ilmələrin sıxlığı fərqləndirir. Elə bu yüksək sıxlıq bilavasitə xalçalarda ən zərif elementləri  belə ifadə etməyə imkan verir. “Əfsan”, “Ləçək-türünc”, “Şeyx Səfi”, “Ağaclı”, “Sarabi”, “Açma-yumma” bu qrupun geniş yayılmış çeşniləridir. İlmələrin hündürlüyü 2-15 millimetrə, bir kvadratmetrdə ilmələrin sıxlığı isə 700-800 minə çatır.
Misgərlik





Quba xalçaçılıq məktəbi — Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə – Azərbaycanləzgitatxınalıqcekbuduqqırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər.
Abşeron xalçaçılıq məktəbi
Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan, Qaadi kəndlərini cəmləşdirir. Onlar parçanını yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - GörədilNovxanıNardaranBülbüləFatmayıMərdəkanQalaXilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan QədiHilKeşFındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xilə-buta xalçaları", "Xilə-əfşan xalçaları", "Novxanı xalçaları", "Suraxanı xalçaları", "Qala xalçaları", "Bakı xalçaları", "Görədil xalçaları", "Fatmayı xalçaları", "Fındığan xalçaları", "Qədi xalçaları" və s. çeşnilər daxildir.
Şirvan xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Qobustan (Mərəzə), AğsuKürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.
Şirvan xalçaçılıq məktəbi ŞamaxıMərəzəAğsuKürdəmirQazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI-VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.
Gəncə xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və GoranboyŞəmkirSamux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.
Gəncə xalça məktəbinə "Gəncə xalçası", "Qədim Gəncə xalçası", "Gölkənd xalçası", "Fəxralı xalçası", "Çaykənd xalçası", "Çaylı xalçası", "Şadılı xalçası", "Çıraqlı xalçası", "Samux xalçası" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.
Qazax xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Qazax xalçaçılıq məktəbinə QazaxGürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.
Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qara-qoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir.
Borçalı xalça mərkəzini – BorçalıQarayazıQaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.
Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə – Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

Milli tikmə sənəti

Azərbaycan ailələrinin çoxunda ulu  nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür.   Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.
 
Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.
 
Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur. Vaxtilə qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daş-qaşdan da geniş istifadə edilirdi.
 
Tikmə elə bir sənət növü idi ki, onunla həm sadə  camaat, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olurdu. XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə  yanaşı, zərif tikmələrin də müəllifidir.
 
IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin əsərlərində də Azərbaycan tikmələri barədə məlumat verilir. Orta əsr bədii tikmə sənətinin mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və başqa şəhərlərin adı çəkilir.  XVI əsrdə Səfəvi şahları bunun üçün  xüsusi karxanalar yaratmışdılar. 
 
Azərbaycan bədii tikmələrində ən çox  qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin, tutu quşu, şanapipik, sərçə, qırqovul, bildirçin, kəklik və digər motivlərə yer verilirdi.
 
XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş- yavaş itirir, güləbətin, pilək, zərənduz və digər tikmə növləri tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq təkəlduz tikmə ənənələri davam edirdi.
 
Təkəlduz orta əsrlərdə Şəkidə geniş yayılmışdı və bu bu tikmə növündə naxışlar “gəzmə” və ya “doldurma” üsulu ilə salınırdı. Təkəlduzçular əsasən yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahuddan istifadə edirdilər. 
 
Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır. Sənətkarların  əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.
 

No comments:

Post a Comment

Qədim abidələr xəritəsi