Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi.
28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi.
1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər.
3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
5 may 1920 — Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edir. Bir neçə ildən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına veriləcəkdi.
7 may 1920 — Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və həmin ilin dekabrında SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.
12 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verdi. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verildi.
15 may 1920 — Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verdi.
24 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik Lenin tərəfindən Bakıya göndərilən Aleksandr Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
3 iyun 1920 — Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçirdilər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilir. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal edirlər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilirlər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçir. Sovetləşməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verirdi.
6 may 1921 — I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayır. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunur. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilir, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilir. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
2 iyul 1921 — Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərən – Azərbaycan Kişi Pedaqoji İnstitutu(sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) təsis edildi.
5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilir. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi
7 iyul 1923 — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verir. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında "beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə" xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, "Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması" nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə RK(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
30 avqust 1930 — Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə – rayonlara bölündü. Qərara əsasən, 63 rayon yaradıldı. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay), Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
7 avqust 1932 — Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.
24 iyun 1938 — I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet formal fəaliyyət göstərirdi.
1938 — Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Bununla belə, qərar həyata keçməmiş qaldı.. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.
2 iyun 1938 — Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olundu. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmiş, 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlamışdı.
25 iyun 1987 — SovİKP MK-nın plenumu "yenidənqurma" ("perestroyka") haqqında qərar qəbul edir. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən, Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
21 may 1988 — SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirir. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov vəzifələrindən kənarlaşdırıldılar. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Əbdürrəhman Vəzirov seçildi.
18 iyul 1988 — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirildi. M.Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak edirdilər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunur. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Ermənsitan SSR rəhbərliyi bu çağırışı cavabsız qoydu.
16 iyul 1989 — Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
19 may 1990 — Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edildi. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi. SovİKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.
21 may 1990 -cı il tarixində 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edildi.
5 fevral 1991 — Azərbaycan dövləti – Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır.
27 iyun 1991 — Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul etdi. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.
30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.
8 sentyabr 1991 — Azərbaycanda ilk prezident seçkiləri keçirildi. Ölkədəki əksər siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi.
No comments:
Post a Comment