Wednesday, September 20, 2017

İkinci dünya müharibəsi: səbəb və nəticələr

XX əsrdə Yer kürəsində iki dünya müharibəsi baş verdi. Müharibələr bütün planeti əhatə etməsə də, dünyanın aparıcı ölkələrinin hamısı həmin müharibəyə qatıldığından onlara “dünya müharibələri” deyilirdi. Necəki, bu gün “dünya ictimaiyyəti” deyiləndə, yalnız aparıcı ölkələrin daxil olduğu birlik nəzərdə tutulur. Həmin savaşlara “dünya müharibəsi” deyilməsinin digər səbəbi isə, bu müharibələrin dünya siyasi xəritəsinin dəyişməsi ilə nəticələnməsidir. Aparıcı ölkələr müstəmləkələri “sülh yolu” ilə bölüşdürə bilmədiklərindən, hərb vasitəsinə əl atdılar. Ancaq ikinci dünya müharibəsi birincidən daha çox fərqlənir və bu fərq yalnız hərbi əməliyyatların miqyası və itkilərin sayında deyildi.

İkinci dünya müharibəsinin bu gün üçün əhəmiyyəti ondadır ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşıb. Dünya tarixində bu mühüm hadisəyə neçə amil səbəb olmuşdu və onların öyrənilməsi bu gün üçün də vacibdir. Çünki, o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar.

Müharibənin iştirakçıları iki cəbhəyə bölünmüşdü: nasist bloku (əsas iştirakçılar – Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar - SSRİ, ABŞ, Britaniya və Fransa). Hər bir ölkəni müharibəyə sürükləyən səbələrlə yanaşı artıq birinci dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmirdi. Dəyişiklərə ehtiyac var idi və bəlkə də, ayrı-ayrı ölkələrin revanşıst ruhiyyəsi olmasaydı həmin dəyişiklər dinc yolla baş tuta bilərdi. Necəki, SSRİ-nin süqutu ilə beynəlxalq münasibətlər sistemi yeni bir mərhələyə nisbətən dinc yolla qədəm qoydu.

Millətçilik + sosializm = faşizm

Hələ XIX əsrin ikinci yarısında Avropada “hər millətə bir dövlət”, başqa sözlə millətçilik ideyalarının təsiri altında bir sıra millətlər vahid dövlətə birləşmişdi. Almanlar və italyanlar da bu ab-havanın təsiri altında birləşdilər. Ancaq millətçilik Avropaya baha başa gəldi. Məsələ orasındadır ki, millətçiliklə paralel Avropada iki cərəyan geniş vüsət tapmışdı – sosializm və liberalizm. Liberal islahatlar əsasən o zamanın müstəmləkəçi imperiyalarında – Fransa ilə Britaniyada aparılırdı. Britaniya ilə Fransa uzun əsrlər boyu dövlətçiliyini qoruyub saxlamaları ilə yanaşı artıq dünyanın ən iri müstəmləkəçi imperiyalarına çevirilmişdilər. Mümkün olan yerlərdə Britaniya ilə Fransa müstəmləkə yaratmışdılar. Almaniya ilə İtaliya isə heç bir müstəmləkəyə malik deyildilər. Onlara bərabər tərəfdaş kimi baxmırdılar da, hərçənd ki, imperiya qurmaq üçün onların kifayət qədər potensialı var idi.

Məhşur sosioloq İoaxen Qaltunq özünün “Təcavüzün struktur nəzəriyyəsi”ndə ədalətli olaraq qeyd edir ki, hansısa ölkənin gücü, qüdrəti, mədəniyyəti və tarixi onun malik olduğu statusa uyğun deyilsə həmin dövlət aqresiya mənbəyinə çevirilir. Bir sözlə, əgər bir ölkənin statusu onun real potensialından aşağıdırsa, həmin dövlət statusunun yüksəlməsi üçün mübarizəyə qalxacaq. Belə də oldu. Fransa ilə Britaniya Avropada yeni güc mərkəzlərinin yaranmasını istəmirdilər, öz növbəsində Almaniya ilə İtaliya da Çexiya və ya Serbiya səviyyəsində olmadıqlarını isbat etməyə çalışırdılar. Bu baxımdan onlar Fransa və Britaniyaya hər cəhətdən müxalif mövqe tutdular, hətta liberalizmdən belə vaz keçib sosializmə yönəldilər. Beləliklə də, millətçilik və sosizalizm ideyaları təsiri altında İtaliya ilə Almaniyada millətçi-sosialist (faşist və nasist) ideologiyasının formalaşmasına zəmin yarandı. Birinci dünya müharibəsindən sonra qalib ölkələr Almaniyaya qarşı yüksək təzminatlar tətbiq etdi, onun ərazilərinin 1\8 əlindən alındı. Əlbətdə, almanlar bununla razılaşan deyildi və intiqam almaq istəyirdilər. “Qənimət”lərdən İtaliyaya da pay düşmədi: müharibənin ilk illərində Almaniya tərəfində vuruşduğuna görə İtaliyaya satqın gözü ilə baxırdılar və onu hər vəchlə alçaltmağa çalışırdılar. İtaliya özünü “məğlub edilmiş qalib” kimi hiss edirdi. Bu isə İtaliyada revanşist ruhiyyəsinin yayılmasına səbəb oldu. İntiqam üçün isə ideoloji baza artıq hazırlanırdı: millətçi-sosialistlər hakimiyyətə gəlirdilər.

Demokratiyanın nəticəsi olan totalitirzm

Birinci dünya müharibəsindən sonra, belə demək olarsa, Avropada əsl demokratiya partlayışı baş verdi.
Ölkələr bir-birinin ardıca demokratik islahatlar aparır və yaxud inqilab edirdilər. Demokratiyanın bərqərar olunması ilə bütün problemlərin çözüləcəyinə inam artırdı. Ancaq bu çox davam etmədi. Nə islahatlar, nə inqilablar sosial-iqtisadi problemləri çözə bilmədi. 1918-20-ci illərdə Avropa ölkələrində 8 saatlıq iş günü təyin olundu, qadınlar səsvermə hüququ əldə etdi, monarxiyalar respublikalarla əvəz olundu, fəhlə hərakatları geniş vüsət tapdı. Buna baxmayaraq, demokratiya iqtisadi böhranın qarşısını ala bilmədi və bir sıra ölkələrdə demokratiyaya bəla kimi baxmağa başladılar. Demokratiyaya tərəf axın kütləvi olduğu kimi, demokratiyadan məyusluq da kütləviləşdi. Yaranmış vəziyyətdən isə solçular (fəhlə partiyaları, millətçi-sosialistlər, əmək partiyaları və s.) istifadə etməyə cəhd etdilər. Nəticədə bir sıra öıkələrdə, o cümlədən Almaniya ilə İtaliyada millətçi-sosialistlər hakimiyyətə gəldilər. Beləliklə də, intiqamın alınması üçün faşizm və nasizmin timsalında ideoloji baza yarandı.


Onu da qeyd etməliyik ki, faşistlər və nasistlər hakimiyyətə inqilab və çeviriliş vasitəsilə deyil məhz demokratik seçkilər nəticəsində gəlmişdilər və xalqın dəstəyi ilə totalitar sistem qurmuşdular. Məhşur iqtisadçı və filosof Fridrix fon Hayekin təbiri ilə desək, əslində Almaniya ABŞ və Britaniyanı inkişafda irəlilədiyinə görə totalitar sistemə üz tutdu. “Qul olmağa tərəf” kitabında alim yazır ki, məhz həqiqi demokratiya nəticəsində Almaniyada sosialistlər hakimiyyətə gəldi və Almaniyada sosializm təbii olaraq nasizmə çevirildi, çünkü xalqın əksəriyyəti bunu istəyirdi.

Artıq 30-cu illərdə Avropada üç siyasi-ideoloji blok yaranmışdı: liberal-demokratik (aparıcı ölkələr - Fransa və Britaniya), millətçi-sosialist (aparıcı ölkələr - Almaniya və İtaliya) və kommunist (aparıcı ölkə - SSRİ). İdeoloji qarşıdurma kəskinləşdikcə, həmçinin dünyada iqtisadi vəziyyət pisləşdikcə Avropada siyasi gərginlik də artırdı. Hitlerin apardığı islahatlar nəticəsində Almaniya iqtisadi böhrandan çıxdı və “ədaləti bərqərar etmək” üçün müharibəyə hazırlaşmağa başladı. Bunun üçün müttəfiq toplamağa onun kifayət qədər imkanı var idi. Həmçinin SSRİ-nin müharibəyə girməməsi üçün Hitler ideoloji rıçaqlardan məharətlə istifadə etdi. Beləki, həm nasistlər həm kommunistlər sosialist dünyagörüşünü bölüşürdülər. Eyni zamanda liberal-demokratik ölkələr komunizmə və nasizmə müxalif idilər, hətta uzun illər ərzində SSRİ-ni Millətlər Liqasına qəbul etmirdilər və Avropa işlərindən kənarda saxlayırdılar. Bu vəziyyətdən faydalanan Hitler Stalinlə hərbi saziş imzaladı. Bununla da, Almaniya Fransa ilə Britaniyaya qarşı müharibə elan edəcəyi təqdirdə, SSRİ müharibəyə qarşmayacaqdı. Belə də oldu. 1939-cu ildə ikinci dünya müharibəsi başladı. Əgər Almaniya SSRİ-yə hücum etməsəydi, bəlkə Stalin axıra qədər neytral mövqedə qalacaqdı. Ancaq Almaniya birinci dünya müharibəsində etdiyi eyni səhvə yol verdi: Rusiya istiqamətində ikinci cəbhə açdı. Nəticədə Almaniya ikinci dəfə məğlub oldu.

Nəticələr

Hazırda mövcud olan beynəlxalq münasibətlər ikinci dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində qurulub. İkinci dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Birincisi faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı. İkincisi, dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi (ikiqütblü sistem formalaşdı). Üçüncüsü, beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat – Millətlər Liqası daha effektiv təşkilatla – BMT ilə əvəz olundu. Dördüncüsü, demək olar ki, yer üzündə müstəmləkə qalmadı. Ümumiyyətlə ənənəvi müstəmləkəçilik transformasiyalara məruz qaldı və iqtisadi-siyasi asılılığın yeni formalarlı yarandı. Beşincisi, Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bunula da kommunist bloku çat verdi. Altıncısı, Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevirildi. Avropanın aparıcı ölkələri fövqəldövlət olaraq məhv oldular və onların təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də ikinci dünya müharibəsinin səmərəsidir.

Messianlıq

Bütün nəticələrdən ən mühümü ABŞ-ın ümumdünya liderinə çevirilməsidir. Bu gün dünyada özünə rəqib görməyən ABŞ hazırkı statusu ilə məhz ikinci dünya müharibəsinə borcludur. Məsələ orasındadır ki, 1823-cü ildə ABŞ prezidenti Ceymz Monronun hakimiyyəti dövründə ABŞ izolyasionizm kursu tutduğunu elan etmişdi. Yəni Birləşmiş Ştatlar özünü sırf Amerika qitəsinin fövqəldövləti elan etmiş və Avropa işlərinə qarışmağı özünə yasaqlamışdı. Ancaq birinci dünya müharibəsinin başlanmasında o zamankı prezident-demokrat Vudro Vilson ölkəsinin dünya liderinə çevirilməsi üçün böyük fürsət görürdü. İzolyasionizm ənənəsinə sadiq respublikaçılar isə onun bütün cəhdlərinin qarşısını alırdılar . Demək olar ki, birinci dünya savaşı nəticəsində formalaşan Versal sistemi Vudro Vilsonun əməyinin məhsulu idi. Məhz onun səyləri nəticəsində Millətlər Liqası yaradıldı və beynəlxalq münasibətlərin əsas prinsipləri formalaşdı (“Vilsonun 14 bəndi”). Ancaq Konqres ABŞ-ın Millətlər Liqasına üzvlüyünə imkan vermədi və Monro doktrinasına sədaqətini bir daha nümayiş etdirdi. İkinci dünya müharibəsində isə vəziyyət dəyişdi. 1932-ci ildə hakimiyyətə gələn demokrat Franklin Delano Ruzvelt sələfi Vudro Vilson kimi fikirləşirdi ki, ABŞ izolyasionist kursundan imtina etməli və dünya siyasətinə qarışmalıdır. Bunun üçün o, ABŞ messian ideyası – “Manifest Detiny”dən istifadə etdi. “Manifest Destiny” (red. - Aşkar qədər) amerikan ekspansionizminə bəraət qazandıran bir ideyadır. Bu ideyaya əsasən, ABŞ yer üzünə azadlıq gətirən bir ölkədir və bu missiya onun qaçılmaz taleyidir. Amerikalılar inanırdılar ki, Tanrı xeyirin yayılması və şərrin aradan aparılması hüququnu onlara verib. Beləliklə də, Ruzveltin səyləri nəticəsində ABŞ Monro doktrinasından imtina edərək öz “İlahi missiyasını” reallaşdırmağa başladı. Nəticə də göz qarşısında.

İkinci dünya müharibəsindən yalnız ABŞ messianlığı faydalanmadı. Bizim dilə “məhdəviyyət” kimi tərcümə olunan messionizm böyük imperiyaların və müxtəlif xalqların tarixi şüurunda mühüm yer alır. Şimal qonşumuz Rusiyaya da belə bir tərz-təfəkkür məxsusdur. Lakin, ABŞ-dan fərqli olaraq, Rusiya öz missiyasını tamam başqa məsələdə görür. Əgər ABŞ dünyaya azadlıq gətirməyi öz müqəddəs vəzifəsi hesab edirsə, Rusiya bütün bəşəri bəlaları öz üzərinə götürüb başqa millətləri həmin bəlalardan xilas etdiyini hesab edir. Özünü İsa Məsihlə (ə) müqayisə edərək, ruslar bildirirlər ki, Çingizxanın, Napoleonun, Leninin və Hitlerin gətirdiyi əziyyəti çəkməklə, əslində onlar digər xalqları əzabdan qurtarır. Bu baxımdan ikinci dünya müharibəsi ruslar üçün xüsusi əhəmiyyət daşıyır. Digər xalqlardan fərqli olaraq, onlar bu savaşı özününküləşdirərək “Böyük Vətən Müharibəsi” deyir (Napoleonla müharibəyə də bu cür deyilir) və qələbənin yalnız rusların hesabına əldə olunduğunu təbliğ edirlər. Onlar faşizm üzərində qələbədə Qərb ölkələrinin sovetlərə yardım etməsini inadkarcasına qəbul etmir, müharibə zamanı Rusiyanın rolunu kiçiltmək istəyən bütün tədbirlərin qarşısını qətiyyətlə almağa çalışırlar. İndi nə faşizm var, nə də Rusiyaya hücum etmək istəyən, ancaq Rusiya bu məsələdə xəstə həssaslıq göstərməkdə israrlıdır. Hər il 9 may bayramı daha böyük təntənə ilə qeyd olunur, ikinci dünya müharibəsində SSRİ-nin rolu zorla beynəlxalq səviyyədə müzakirə olunur, müxtəlif beynəlxalq tədbirlər düzənlənir. Bütün bunlar rus messianlığı ideyalarının insanların şüurunda möhkəmlənməsinə xidmət edir.


Faşizm üzərində qələbədən 65 il ötməsinə baxmayaraq, ikinci dünya müharibəsinə səbəb olan proseslərin oxşarı bu gün də davam edir, ancaq yalnız Avropada deyil, bütün dünyada. Müstəmləkələrin bölüşdürülə bilinməməsi, ideoloji zəmində qarşıdurmalar, dünyada yeni güc mərkəzlərinin yaranması ilə barışmamaq, daha zəif ölkələrin alçaldılması və sıxışdırılması müasir fövqəldövlətlərə də xasdır. Deyirlər ikinci dünya müharibəsindən sonra Avropa ağıllandı və birləşdi. Bəli, ağıllandı, çünki faktiki olaraq hazırda müşahidə etdiyimiz növbəti dünya müharibəsi artıq Avropa ərazisində deyil, Yaxın və Orta Şərqdə gedir. Kim bilir, bəlkə bu müharibədən sonra da ağıllanan ölkələr tapılacaq.


"Salam" Analitik Mərkəzi

Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir


No comments:

Post a Comment

Qədim abidələr xəritəsi