Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın
xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün
ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
Heydər Əliyev
xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün
ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
Heydər Əliyev

Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.

1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.

Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu.
Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu.
Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.
Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur.
Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.

Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
Yalnız Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır.
![]() |
Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları |
Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
No comments:
Post a Comment