Qədim xalq musiqi aləti: Balaban
Balaban ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş xamıt (qısqac) vasitəsilə alətin səsi nizamlanır. Ağsulu yastı balaban ustası Əli Kərimov çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı hesab olunur.
Məşhur balaban ifaçısı Əlixan Səmədov isə tarixi kökləri altıncı əsrə gedib çıxan bu milli musiqi alətini Türkiyədə də sevdirə bilib. O, “Balaban metodu” adlı kitabın müəllifidir.
Azərbaycanın məşhur bəstəkarlarının - Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
Azərbaycan folklorunda balabana aid bayatı da var:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Aşıq və saz
Saz, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə (mizrab) ilə səsləndirilir. Bir çox hallarda sazın qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir.
Sazin çanağı nazik taxta ilə örtülür, qol hissəsində 16-17, bəzən isə 18-26 pərdə yerləşdirilir. Pərdələr keçmiş zamanlarda bağırsaqlardan, hal-hazırda isə kapron iplikdən düzəldilir. Sazın kəllə hissəsində 8-9 aşıx olur ki, bu da sazın simlərini bərkidib boşaltmaq, yəni kökləmək üçündür. Sazın əvvəllər 6-7 simi olub. Sonralar simlərin sayı 8-9-a çatdırılıb. Aşıqlar sazda 72 havanı çalıb oxuya bilirlər.
Türk xalqlarında yanşaq, varsaq, ozan və digər adlarla tanınan sənətkarlar bugünkü aşıqların əcdadları sayılır. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da saz aləti şəklini almışdır.
No comments:
Post a Comment