Firidun bəy Köçərli və onun “Balalara hədiyyə” kitabı

Uşaqlar, xəbəriniz olsun ki, Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələrini bir kitabda ilk dəfə görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifçi Firidun bəy Köçərli toplamışdır. Onun 1912-ci ildə tərtib etdiyi “Balalara hədiyyə” kitabı uşaqlara böyük töhfədir.
Firidun bəy Azərbaycan folklorunun vurğunu idi və hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən, soyundan-kökündən bəhrələnərək xoşbəxt gələcək qura bilər. Odur ki, bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən gələni edirdi. O, hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və kədərinin, adət-ənənələrinin, parlaq şəkildə əks olunduğu bu nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, məsəllər, yanıltmaclar, bayatılar, laylalar, oxşamalar, nəğmələr millətin yoluna işıq salan əbədi mayakdır.
“Balalara hədiyyə” o dövrdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük hadisə idi. Bir çox yazıçı və şairlərimiz Firidun bəyin sevə-sevə topladığı bu folklor incilərindən ruhlanaraq, sizlər üçün gözəl-gözəl əsərlər yaradıblar. Abdulla Şaiq, Seyid Hüseyn, Fərhad Ağazadə, Eynəli bəy Sultanov kimi mütərəqqi ziyalılar kitabdan “vətən qoxusunun, dağların ətrinin gəldiyini” yazır, onu “milli duyğularımızı oyadan”, “keçmişimizi, özümüzü özümüzə tanıdan” gözəl töhfə kimi qiymətləndirirdi.
Firidun bəy Köçərlini daha yaxından tanımaq üçün, gəlin, onun mənalı ömür yoluna qısa bir nəzər salaq. Firidun bəy 1863-cü ildə Şuşada anadan olub. İlk təhsilini də Şuşadakı rus məktəbində alıb. 1885-ci ildə Qori Seminariyasını bitirən Firidun bəy bu seminariyanın müəllimi olub. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi də Firidun bəyin adı ilə bağlıdır.
Firidun bəy Köçərli 1903-cü ildə “Azərbaycan tatarlarının ədəbiyyatı”, 1911-ci ildə “Mirzə Fətəli Axundzadə” kitablarını yazıb. Lakin onun ən böyük və sanballı əsəri “Azərbaycan ədəbiyyatı” kitabıdır. Bu kitabda 130-dan çox şair haqqında məlumat verib, onların həyatı, yaradıcılığı və ədəbi mövqeyindən söhbət açıb.
Təəssüf ki, Azərbaycanın bir çox dəyərli vətənpərvər oğulları kimi Firidun bəy də repressiya qurbanı olub, şahidsiz-sübutsuz güllələnib.
Sizi “Balalara hədiyyə” kitabından götürülmüş bəzi nümunələrlə “Nənənin sandıqçası” bölməsində tanış edəcəyik. Odur ki, saytımızı izləməkdə davam edin.
No comments:
Post a Comment