Molla Pənah Vaqif
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.
Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib.
1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.
Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.
No comments:
Post a Comment