Hər bir xalqın istiqlalı onun milli oyanış tarixinin zirvəsi
sayılır. Şükürlər olsun ki, Azərbaycan xalqı üçün milli oyanış tarixini canı və
qanı bahasına yazan və yaradan şəxsiyyətlər XX əsrin əvvəllərində də var olmuşdur. Və onların kəskin səyi
nəticəsində 1918-ci il 28 may tarixi ilə İstiqlalımızın özülü qoyuldu. Bu elə
bir özül oldu ki, bundan sonra da illər boyunca dövlətçilik ənənələrimiz,
siyasi millətçilik prinsiplərimiz ona borclu qalacaqdır.
1828-ci il çarizmin işğalından sonra itirilən milli
dövlətçilik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edildi.
Bununla Azərbaycan tarixinin şərəfli və bir o qədər də keçməkeşli dövrü
başlayır. Yaranan Azərbaycan dövlətçiliyi daim adları qeyd edilən bir neçə
şəxsin deyil, o dövrün yetirdiyi dövlətçilərin və siyasi xadimlərin
ideyalarının praktik təcəssümü idi. Və özül olaraq onların dövlətçilik
dünyagörüşünün əsasında siyasi millətçilik dururdu. Bu məqam isə bizlərə
siyasətlə millətçiliyin birarada necə yürüdülməsi gərəkdiyini, milli ənənələri
məhv etmədən yeniliyə doğru irəliləməyin prinsiplərini araşdırmaq üçün önəmli
qaynaq rolunu oynayır.
Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə dünyanın siyasi
xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etdi. Və bu yolla
Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu nümayiş
etdirdi. Bu İstiqlalın banisi olan dahilər öz millətinin imzasını dünya
xalqlarının imzası içində axtarırdı, bu isə həmin axtarışın məntiqi yekununa
çevrildi. Stalinin “Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə
bildiniz?” sualına cavabında M.Ə.Rəsulzadə demişdi: ”Çox şey verə bilmədik…Amma
milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal
dadızdırdıq!” Bəli, məhz o daddığımız milli istiqlal bugün yaşadığımız müstəqil
dövlətin mənəvi varisidir.
Mövcud olduğu qısa müddət
ərzinə baxmayaraq AXC bir çox
sahələrdə mühüm işlər gördü. Onlardan heç şübhəsiz ki, ən önəmlisi qəbul edilən
İstiqlal Bəyannaməsi idi, bu Azərbaycanın dövlətçilik tarixində ilk
konstitusiya aktı olmuşdur. Bununla çox mürəkkəb bir tarixi şəraitdə
Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənələlərimiz yenidən, özü də bu
dəfə parlamentli respublika formasında dirçəldi. Britaniyanın bölgəyə təyin
edilmiş ali komissarı Bakıya gəlib Azərbaycanda dövlət quruluşu və idarəçiliyi
ilə tanış olandan sonra Londona göndərdiyi şifrəli teleqramında yazırdı ki,
burada elə bir cümhuriyyət qurulub ki, çox məsələlərə görə Avropa dövlətlərinə
nümunə ola bilər. Doğrudan da Azərbaycan siyasi xadimləri, aydınları tarixə elə
bir nümunə verdilər ki, bu hər birimiz üçün fəxrdir.
Təkcə dövlət quruluşu və idarəçiliyi ilə deyil, hərb
tariximizdə önəmli yer tutan qərarların qəbulu da məhz AXC dövrünə aiddir. Həm
ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı
olan hökumət 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün
Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya
statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda
milli ordusunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız
Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin
rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və
intizama malik milli ordu hissələri formalaşdırıldı. AXC-nin Hərbi Nazirliyi
təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam
Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas
etdi. Bununla yanaşı Azərbaycan parlamentinin 1919-cu il avqustunda 8 maddədən
ibarət qəbul edilən qanunu ilə qeyri-leqal ticarətdən qorunmaq və
qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu sayı
doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət
tərkibdə sərhəd postları təsis edilməsinə qərar verildi.
AXC Azərbaycan türklərinin nəinki keçmişini, eyni zamanda
gələcək hədəflərini özündə əks etdirən üç rəngli bir bayraq ucaltdı ki, bu gün
də o bayraq bizim başımızın üstündə dalğalanır. Himnimiz və gerbimizin təyin
olunması üçün müsabiqələr elan edilmişdi. Lakin rus işğalı onların nəticələrin
həyata keçirilməsinə mane oldu. Müstəqillik qazandıqdan sonra hər iki dövlət
atributumuz AXC dövründəki təsvirlərlə
yenidən həyat qazandı.
Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında
qanunun qəbulu, Bakı Dövlət Universitetinin əsasının qoyulması və fəaliyyəti,
Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması, məktəblərin
milliləşdirilməsi, dövlət möhür və ordenlərinin hazırlanması və s. kimi
qərarlar AXC dövrünün önəmini bir daha ortaya qoyan faktlardan sadəcə
bəziləridir. Dövlətin idarəsi sahəsində də mühüm addımlar atan AXC 20-yə qədər
dövlətin səfirlik və konsulluqlarının açılmasını təmin etmiş və ölkənin Avropa
dövlətləri tərəfindən de-fakto tanınmasına nail olmuşdur.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb şəraitdə
yaranmışdı. Bolşevik Rusiyası Azərbaycanı heç vəchlə əldən buraxmaq niyyətində
deyildi. Bununla bərabər daxildəki bir sıra qüvvələr və xarici təzyiqlər də bir
tərəfdən höküməti sıxışdırmağa davam edirdi. Və beləcə Azərbaycanın
müstəqilliyini elan edən, demokratik əsaslı milli dövlətçiliyinin təməlini
qoyan babalarımız bu dövləti o dövrün bəlli geosiyasi şərtləri daxilində yalnız
23 ay yaşada bildilər.
23 ay ömr sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyət dövrü milli özünüdərk, müstəqillik amalı üzərində köklənən
tariximizin şanlı səhifədir. Və bu səhifəyə yazılan əlamətdar hadisələrdən biri
də o idi ki, artıq Azərbaycan türkləri ümmətçilikdən türk millətçiliyinə keçid
dövrünə qədəm qoydu. Bu isə milli oyanışımızın ən önəmli məqamlarından birinə
çevrildi.
İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır.
Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın
dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə
möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq
hər bir Azərbaycanlının təməl vəzifələri sırasında yer almalıdır.
No comments:
Post a Comment