Koroğlu dastanı haqqında
Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, insanların haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Bu dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanlarından biri də “Koroğlu” dastanıdır.
Ehtimala görə Koroğlu real tarixi şəxsiyyət olub. Haqq və ədalət yolunda qılınc çalmaqla bərabər, bədahətən şeir demək, saz çalıb oxumağı da varmış. Bu xalq qəhrəmanının təqribən XVI əsrin ikinci yarısında yaşadığı güman edilir.
Rəvayətə görə, Koroğlunun əsl adı Rövşən olub. Həsən xan tərəfindən atası Alı kişinin gözlərinin çıxarılması Rövşəndə zülmə və haqsızlığa qarşı dərin nifrət oyadır. O, məzlumların intiqamını almaq üçün qılınca sarılıb dağlara çəkilir. Başına çoxlu igid yığışır. Cəlalilər hərəkatının başçılarından biri olur. XVI əsrin ortalarından başlayaraq Türkiyə şəhərlərini, Azərbaycanı və digər əraziləri kəndli hərəkatı bürüyür.
Koroğlunun əsas düşərgəsi Çənlibel qalası idi. Azərbaycanda bu adda çoxlu qalalar var. XIX əsrə aid mənbələrdə Çənlibelin adı yaşayış məntəqəsi kimi çəkilir.
Koroğlu və onun silahdaşları Giziroğlu Mustafa, Dəli Həsən, Dəmirçioğlu, Bəlli Əhməd və başqaları haqq, ədalət uğrunda vuruşurdu. Dastanı oxuyanlar bilir ki, Koroğlunun bir əlində qılınc, bir əlində saz olub. Döyüşə sazla girib, döyüşdən sonra da qələbəsini sazla tərənnüm edib.
“Koroğlu” dastanındakı qoşmaların bir çoxu bu gün də xalqın dilinin əzbəridir. Dahi bəstəkar Üzeyir Hacıbəyli bu dastanın motivləri əsasında “Koroğlu” operasını yazıb. Operanın uvertürası Azərbaycanın zəfər himni kimi səslənib və səslənməkdədir.
No comments:
Post a Comment