Vəcihə Səmədova (1924-1965)
Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova (1924-1965) Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.
O, ilk ixtisas təhsilini 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb. Peşəsinə olan vurğunluğu onu sonralar V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə aparıb. O, öz yaradıcılığını məşhur rus rəssamı Pavel Korinin emalatxanasında davam etdirib.
Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi forma və məzmun dolğunluğunu, mövzuya sərbəst yanaşma ustalığı və professional kompozisiya qurma məharətini, zəngin kolorit həlli və sərbəst yaxı manerasını, ritmik rəng keçidləri, dinamik plastika və işıq-kölgə münasibətlərinin mahiranə əlaqələndirməsi bacarığını qeyd etmək olar.
V.Səmədova portret yaradıcılığında uğurlu nəticələr əldə edib. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.
Rəssamın yüksək sənətkarlıq metodu ilə yaratdığı “Mahnı”, “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında”, “Xəbər gözləyənlər”, “İmtahandan əvvəl”, “Gözləmə” tematik tabloları diqqəti daha çox cəlb edir. Sadəcə bu əsərlərin adlarını eşitdikdə belə tamaşaçıda artıq müəyyən duyğular yaranmağa başlayır.
Rəssamın ən yaddaqalan əsərlərindən olan “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir.
V. Səmədovanın istər portret və mənzərə, istərsə də tematik tablo və natürmort janrında əsərlərinə diqqət yetirdikdə onun yaratdıqlarına xüsusi məhəbbət və yüksək sənətkarlıqla yanaşdığını görürük.
Görkəmli fırça ustasının mənzərə əsərlərindən “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində”, “Zığ”, “Çadırlar” və s. qeyd etmək olar.
1962-ci ildə Vəcihə Səmədovanın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi olaraq Bakıda onun fərdi sərgisi açılır. Nümayiş olunan “Sofiyada bazar”, “Türk qızı”, “Timovo”, “Bayram” və bir çox tabloları tamaşaçıların dərin rəğbətini qazanır.
Ümumiyyətlə, bu fırça ustasının tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq əsərlərinin həmişə dünya muzeylərində zəngin xəzinə kimi layiqli yer tutmasını reallaşdırıb.
Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filmi çəkilib.
Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır.
No comments:
Post a Comment