XX əsrin əvvəlləri Azərbaycanda təkcə neft bumu və vüsətli tikinti ilə deyil, həm də 1905-1907-ci illərin inqilabi hadisələri fonunda milli hərəkatın yüksəlişi ilə əlamətdardır. Bu dövr Azərbaycan ədəbiyyatı üçün də zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə «Molla Nəsrəddin» jurnalı idi.
Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə, xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq istəyirdilər.
«Molla Nəsrəddin» jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, «Molla Nəsrəddin» jurnalını təbiətin özü yaratdı.
Jurnalın birinci nömrəsinin üz qabağında verilən şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin yatanların yanında durub onları oyatmaq istəyir. Bu karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerling çəkmişdi. İkinci səhifəsi "Sizi deyib gəlmişəm" məqaləsi ilə açılır. Sonrakı səhifələrində satirik xəbərlər, teleqramlar, atalar sözləri, "Dəllək" hekayəsi, "Lisan bəlası” felyetonu və dörd karikatura çap olunub. “Sizi deyib gəlmişəm” məqaləsi bu sözlərlə başlayır:
”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.
O dövrün feodal–patriarxal mühitinə meydan oxuyan bu sözlər xalqın oyanışını istəməyən qüvvələri narahat etməyə başladı. Jurnalda zahirən ciddi təsir bağışlayan teleqramlar, atalar sözləri, hesab məsələləri də kinayəli ruhda - gah satirik, gah yumoristik tərzdə təqdim edilirdi. Buna görə də jurnal elə birinci nömrəsindən hücumlara məruz qaldı, bəzən bu səbəbdən, bəzən də maddi səbəblərə görə dəfələrlə öz fəaliyyətini dayandırmalı oldu.
O dövrün tanınmış yazıçısı Əbdürrəhim bəy Haqverdiyev öz xatirələrində yazırdı: “Bu nömrə şəhər əhalisi arasında bir bоmba tək partladı. Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, оnu nəinki оxumaq, ələ belə almaq haramdır: оnu maşa ilə götürüb ayaqyоluna atmaq lazımdır”.
«Molla Nəsrəddin» o dövrdə Türkiyə, Rusiya və İranda ən çox oxunan başqa nəşrlərdən fərqli olaraq kəmsavad oxuculara müraciət edirdi. Onun mətnləri çox sadə, karikaturaları isə dərhal başa düşülən idi. Karikaturalarda jurnalın çox vaxt təhsilin və dünyəvi cəmiyyətin düşmənləri adlandırdığı din xadimləri təsvir olunurdu.
Bu karikaturalar dini dövlətlə dünyəvi dövlətin fərqini göstərir, şəxsi həyata və dünyəvi dövlətin həyatına dinin müdaxilə etməsinə qarşı çıxırdı. Onun gülüş və tənqid hədəfi çox idi: Şərq istibdadı, müsəlman ətaləti və geriliyi, avamlıq, maarifsizlik, təriqətçilik, müstəmləkəçilik və s.
Jurnalın əməkdaşları müxtəlif bədii formaların – satirik hekayələrin, felyetonların, şeir və məqalələrin köməyi ilə cəmiyyətin canına işləmiş bu naqislikləri öldürücü gülüş hədəfinə çevirirdilər. Jurnalın səhifələrində güldürən xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar geniş yer tuturdu.
«Molla Nəsrəddin» beynəlxalq hadisələrə münasibət bildirir, imperialist dövlətlərin müstəmləkəçilik siyasətini tənqid edir, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə rəvac verirdi. Jurnalın şöhrəti artaraq, konkret coğrafi məkan çərçivəsindən kənara çıxmış, Rusiya, Qafqaz və Orta Asiyanın hər yerinə yayılaraq türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafında əhəmiyyətli rol oynamış, habelə İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrin xalqlarının sosial-mədəni və siyasi tərəqqisinə böyük təsir göstərmişdi. Jurnalın redaktoru, böyük satirik və maarifçi C. Məmmədquluzadə qarşısına cəmiyyətin nöqsanlarını oxuculara göstərmək və onları yaxşı həyat uğrunda mübarizəyə təşviq etmək məqsədi qoymuşdu.
Sadə insanlar jurnalın hər nömrəsini səbirsizliklə və həyəcanla gözləyirdilər. Satira hədəfinə çevrilənlər isə onu nifrətlə qarşılayırdılar. Din xadimlərinin masqaraya qoyulması və qadın hüquqları uğrunda mübarizə şəksiz ki, riskli iş idi. Məsələn, Ordubadın din xadimləri C. Məmmədquluzadəni lənətləyən vərəqələr yayır, onu öldürməklə hədələyirdilər. Tiflisdə jurnalın redaksiyasında dəfələrlə axtarış aparılmış, hücumlar edilmişdi. C. Məmmədquluzadənin həyatı daim təhlükədə idi.
Jurnala Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər dəstəsi, Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotter kimi rəssamlar cəlb olunmuşdu. Ömər Faiz Nemanzadə C. Məmmədquluzadənin ən yaxın köməkçisi və məsləkdaşı idi.
Jurnalın ilk nömrələrini onlar birlikdə hazırlamışdılar. Əslində, «Molla Nəsrəddin» Azərbaycanda ədəbi məktəb yaradan ilk mətbuat orqanı idi. Müəlliflər öz ideyalarını aydın şəkildə daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir, Azərbaycan dilində məzəli zarafatlar, felyetonlar, yumor və satira, lətifələr, söhbətlər və ləzzətli karikaturalar təqdim edirdilər. Mollanəsrəddinçilər ana dilinin şirinliyindən istifadə edərək Azərbaycan nəsri və poeziyasında yeni üslubun müəllifləri oldular. Jurnalın səhifələrində dərc edilmiş parlaq və cəsarətli əsərlər sonralar Azərbaycan bədii ədəbiyyatının və publisistikasının qızıl fonduna daxil oldu.
Jurnal 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, 1919-cu ildə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsində də az rol oynamayıb. Yalnız Azərbaycan Milli Kitabxanasında bu jurnalın köhnə surətlərini vərəqləyərkən onun müəlliflərinin və rəssamlarının nə dərəcədə cəsarətli və istedadlı insanlar olduğunu başa düşürsən.
Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. Yazıçı sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma «Molla Nəsrəddin» sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları Mirzə Cəlildən tələb etdilər ki, sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib “Allahsız” qoysun. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi.
Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Onun fəaliyyəti bu qəbildən tam bir sıra nəşrin təsis edilməsinə təkan verdi. Beləcə, «Bəhlul», «Azərbaycan», «Mirat», «Babai-Əmir» və s. kimi jurnallar yarandı. «Molla Nəsrəddin» Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işıq üzü gördü. “Molla Nəsrəddin” XXI əsrin insanını da ruhlandırmağa davam edir.
No comments:
Post a Comment