Azərbaycan milli geyimləri
Xalqın tarixi və milli mədəniyyəti, xalq yaradıcılığı milli geyimlərdə öz əksini tapır.
Kişi və qadın milli geyimləri Azərbaycanın bütün etnik, tarixi ərazilərində eyni olub. Bununla belə geyimlər sahibinin hansı zümrəyə mənsub olduğunu əks etdirirdi. Uşaq geyimləri öz forması ilə böyüklərin geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətlərinə görə fərqlənirdi.
XIX əsrdə və XX əsrin əvvələrində Azərbaycanda qadın paltarları alt və üst geyimlərdən ibarət idi. Üst geyimi də öz növbəsində çiyinüstü və bel hissələrinə bölünürdü. Qadın çiyinüstü geyiminə köynək, arxalıq və çəpkən daxil idi. Üst köynəyi əsasən qanovuz və ipək parçalardan tikilirdi. Çəpkən isə tirmədən, məxmərdən və daha bir neçə növ ipək parçadan hazırlanırdı.
Ləbbadə - çiyinüstü sırıqlı gödəkçənin adıdır. Bununla yanaşı, əsasən tirmədən, məxmərdən tikilən güləcə, baharı, kürdü, eşmək kimi astarlı və sırıqlı üst geyimləri də var.
Kişi milli geyiminə üst köynək, arxalıq, qaba və çuxa daxil idi. Bir və ya ikiyanlı arxalıq ipək, atlas, kəşmir, mahud, satin və digər parçalardan, qaba tirmədən, çuxa isə tüklü qoyun dərisindən tikilirdi.
Milli geyim dəstinə müxtəlif növ baş geyimləri də daxil idi. Qadınların baş geyimləri gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbedici görünürdü. Bunlara ipək kəlağayı, çalma, nar-nazı, təsək, ləçək, örpək və çadranı misal göstərmək olar.
Kişilər başlarına qoyun xəzindən və ya qaragüldən hazırlanan papaq qoyardılar. Ən sadə və geniş yayılmış ənənəvi papaqlar motal və ya çoban papaqları idi. Onlar uzuntüklü qoyun dərisindən hazırlanır və konus formasında olurdu. Motal papaqdan əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edirdi. “Bəy papaqları” isə adından göründüyü kimi, varlı təbəqə üçün idi. Buxara papaq da adlanan bu papaqlar üçün dərini Buxaradan gətirirdilər. Ona görə də baha başa gəlirdi.
Azərbaycanda baş geyimlərinin başlıq, araqçın, təsək, əmmamə kimi növləri də mövcud olub.
Milli geyim dəstinə daxil olan ayaqqabılara gəlincə isə, kəndlilər əsasən çarıq geyinərdilər. Çarıq iribuynuzlu qaramalın kustar üsulla aşılanmış dərisindən, ya da daha mükəmməl üsulla emal olunmuş göndən tikilirdi. Birincisi kasıb, ikincisi varlı təbəqə üçün idi. Çarığın təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai kimi növlərinə təsadüf olunurdu.
Digər ayaqqabı növü qara tumacdan tikilən yüngül çüvək (çust) idi. Dabansız olduğuna görə onu adətən evdə geyirdilər.
Xüsusən şəhərlərdə dabanlı və dik burunlu dəri başmaqlar da geniş yayılmışdı. Onları həm kişilər (mərdənə başmaq), həm də qadınlar (zənənə başmaq) geyirdi.
Milli geyim dəstlərinə yerli zərgərlərin ustalıqla, zövqlə yaratdığı ziynət əşyaları da aiddir. Qadın zərgərlik məmulatları arasında baş, boyun, sinə, bel, bilək ziynət əşyaları geniş yayılmışdı.
No comments:
Post a Comment