Azərbaycan Xalq Cümhuriyyəti (
azərb. آذربایجان خلق جمهوریتی) və ya
Azərbaycan Demokratik Respublikası (özünüadlandırma: Azərbaycan Cümhuriyyəti və ya Azərbaycan Respublikası) — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi.
[Mənbə göstərin]
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək
Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan
RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən
Rusiyaya tabe olundu. 1991-ci ildə
Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
-
-
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "
Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.
[3][4]
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində -
Bakı və
Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi.
[5] Bölgənin qərb hissəsi isə (
Gəncə və
Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökümətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və
Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu.
[6] 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti
Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.
[7]
1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.
[8] İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost
Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.
[9]
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən,
Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.
[10] Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".
[11]
27 iyunda
Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün
Azərbaycan türk dilininAzərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da
Kürdəmir və
Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.
Avqustun 1-də
Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də
Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi.
[12] Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.
[12]
Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və
Qori seminariyasının Azərbaycan bölməsi
Qazaxa köçdü.
[7] Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı
Uilliam Montqomeri Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.
[7]
Azərbaycan Xalq Cümhuriyyətinin tərtib etdiyi xarici passport
1919-ci il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və
Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda olaqodar hökumət üzvlərindən daxili işlər naziri
Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T.Səfərəliyev çıxış etdilər.
[7] Hətta müxalifətin tələbi ilə hökumət başçısı F.Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq
Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. "Müsavat" fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən M.Ə.Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.
[7]
Fevralın 25-də hökumətin başçısı F.Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. M.Ə.Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F.Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi
İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən "Müsavat" fraksiyasının üzvü
Nəsib bəy Yusifbəyliyə tapşırıldı.
[15]
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti
Vudro Vilsonla görüşə bildi.
[16] O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi.
[16] İyunun 11-də hökumətin
Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi.
[17] 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu.
[18] Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.
[7] 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.
[7]
Avqustda Azərbaycan Parlamenti tərəfindən
Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu.
[19] 19 avqustda İngiltərə-İran müqaviləsinə görə
İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar.
[20] Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.
[21]
Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də
RSFSR xalq xarici işlər komissarı
Georgi Çiçerinağqvardiyaçı
Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi.
[22] Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.
[23] F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.
[24]
Yanvarın 11-də
Paris Sülh Konfransında Lord
Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar".
[25] Az sonra
Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.
[26]
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri
Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü
Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də
Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir
Camo bəy Hacınski də istefa verdi.
Sosialistlər fraksiyasının üzvlərinin və
İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər.
[27] Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökümətin dağılmasına gətirib çıxartdı.
[28]
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən
Serqo Orconikidzenin fəal iştirakı ilə
Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış
Bakı əməliyyatına həyata keçirilməsinə başladı.
[29] Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə
Bakı quberniyası ərazisini tutmalı idi.
[30]
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl
Anastas Mikoyan, Q.Cəbiyev və
Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla
Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.
[31]
Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan
Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı.
[32] Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər
Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər.
[33] Sonuncu qısamüddətli döyüş
Xırdalan və
Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı
Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda
Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri
Şamaxı və
Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları
Gəncə stansiyasını ələ keçirdilər.
[34]
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də
Lənkəran və
Astaraya hərbi dəniz desantlar çıxarıldı Mayın 5-də XI Ordunun süvari dəstələri
Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı.
[36] Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.
Hökumət və siyasət
-
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda
Tağıyev qız məktəbində oldu.
[38]Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.
[38] Parlament iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmiş və bu barədə xüsusi qərarlar qəbul olunmuşdu.
[38]
Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.
[37] Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. İkinci Hökumətə Fətəli xan Xoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov,
Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov,
Ağa Aşurov,
Əbdüləli bəy Əmircanov və
Musa bəy Rəfiyev daxil oldular.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr aşağıdakı qaydada yenidən bölüşdürüldü.
[37] Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri; Behbud xan Cavanşir - daxili işlər naziri vəzifəsi ilə yanaşı ticarət və sənaye naziri vəzifəsini də icra edir; Əlimərdan bəy Topçubaşov - xarici işlər naziri; Məmməd Həsən Hacınski - maliyyə naziri; Nəsib bəy Yusifbəyli - xalq maarifi naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Ağa Aşurov - poçt və teleqraf naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Xudadat bəy Rəfibəyli - xalq səhiyyəsi naziri; Musa bəy Rəfiyev - himayədarlıq və dini etiqad naziri;
İsmayıl xan Ziyadxanov - hərbi işlər üzrə müvəkkil;
Əbdüləli bəy Əmircanov - dövlət müfəttişi.
Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi.
[37] Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinəsində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarif və dini etiqad naziri;
Aslan bəy Səfikürdski - poçt-teleqraf və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir;
Rüstəm xan Xoyski — himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri;
Mirzə Əsədullayev - ticarət və sənaye naziri; Məmmədhəsən Hacınski -dövlət nəzarəti naziri; Konstantin Lizqar - ərzaq naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri;
Teymur bəy Makinski - ədliyyə naziri vəzifələrini tutdular.
[37]
Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu. Digər vəzifələr aşağıdakı kimi bölündü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy Hacınski - poçt və teleqraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq naziri;
Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.
1920-ci il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşçılıq etdi. Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və dini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski — ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov -maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan və bu üzvlərdən ibarət idi:
Parlamentdə fəaliyyət göstərən fraksiya və qruplar arasında ən iri və aparıcı fraksiya milli mənafelərin daşıyıcısı olan
Müsavat fraksiyası idi. Bu fraksiya, demokratik bitərəflər qrupu ilə birlikdə, Parlamentin və Hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, milli mənafe ilə bağlı bütün qanun və qərarların qəbul edilməsində həlledici rol oynayırdı.Parlamentdə ikinci iri fraksiya
İttihad fraksiyasına məxsus idi. Bu fraksiya 1919-cu ilin dekabrına qədər milli-demokratik cərəyana qarşı müxalifətdə olmuş və Hökumətlərin təşkilində iştirak etməmişdir. Parlamentdə ifrat solçu mövqedən çıxış edən fraksiyalardan biri də sosialistlər bloku idi. Onlar Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilməsini, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ edirdilər. Bu blok Şimali Azərbaycanı yenidən işğal etməyi qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı. Ermənilər Parlamentdə iki fraksiya ilə təmsil olunsalar da, əslində bir mövqedən çıxış edir və ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bütün imkanlardan istifadə edirdilər. Sovet işğalı reallaşdıqda erməni fraksiyaları bolşeviklərin tərəfinə keçdilər.
Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi (Azərbaycamn istiqlalının və Bakının azad olunmasının 1-ci ildönümləri münasibətilə 1919-cu il 28 may və 15 sentyabr tarixli iclasları); dördü təntənəli (rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə 1919 və 1920-ci il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olunmuş 1919-cu il 27 iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il 14 yanvar iclasları); ikisi isə fövqəladə iclaslar (Ermənistanın Gürcüstana müharibə elan etməsi ilə əlaqədar 1918-ci il 20 dekabr tarixli və Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə 1920-ci il 17 mart tarixli) olmuşdur. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan qanun layihələri, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbul edilmişdir. Parlamentin fəaliyyəti onun Nizamnaməsi rolunu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə komissiyası; qanunvericilik təklifləri komissiyası; Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya; mandat komissiyası; hərbi komissiya; aqrar məsələlər komissiyası; sorğular üzrə komissiya; təsərrüfat-sərəncamverici komissiya; ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası; redaksiya komissiyası və fəhlə məsələləri üzrə komissiya.
Xarici siyasət
-
Azərbaycan Xalq Cümhuriyyəti
Birinci Dünya Müharibəsinin başa çatması ilə müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yarandı və fəaliyyət göstərdi. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqlənməsinə nail oldular. Məhz belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi. Lakin Birinci Dünya Müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətdən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra xarici ölkələrə mühacirət etmiş cümhuriyyət xadimləri, ayrı-ayrı ziyalıların dünyanın müxtəlif ölkələrində nəşr etdirdikləri əsərlər 1918-1920-ci illərdə həyata keçirilmiş Azərbaycan diplomatiyasının bir sıra qaranlıq səhifələrini aydınlaşdırmağa imkan verir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)